Bu hesabat BMT-nin Universal Dövrü İcmalının (UPR) 4-cü mərhələsi zamanı Azərbaycan Respublikasına təqdim olunmuş və LGBTİ+lərin insan hüquqlarının tanınması, qorunması və təmini, habelə sosial-iqtisadi rifahının yaxşılaşdırılmasını əhatə edən 10 tövsiyənin icra vəziyyətini qiymətləndirir.

2023-cü ilin noyabrında edilmiş və 2024-cü ilin mart ayında Azərbaycan höküməti tərəfindən qeydə alınmış (inkar edilməmiş) bu tövsiyələrə daxildir:

  • hərtərəfli ayrıseçkilik əleyhinə qanunvericiliyin qəbul edilməsi, habelə zorakılıq və nifrət cinayətlərindən müdafiə mexanizmlərinin yaradılması;
  • gender kimliyinin hüquqi müstəvidə tanınması;
  • ailə hüquqlarında bərabərliyin təmini;
  • konversiya terapiyası (“sağaltma”) və interseks uşaqlara tibbi müdaxilələr kimi qeyri-insani təcrübələrin qadağan olunması;
  • hüquq-mühafizə və ədliyyə orqanları əməkdaşlarının LGBTİ+lərə yönəlmiş ayrı-seçkilik halları ilə vaxtında və effektiv mübarizə apara bilmə potensialının artırılması.

Hesabatda toplanmış sübutlar göstərir ki, təəssüf ki, insan hüquqlarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər milli qanunvericiliyi və mövcud təcrübəni BMT-nin insan hüquqları standartlarına uyğunlaşdırmaqda yetərsiz qalmış, xüsusilə hüquqi islahatlar, LGBTİ+ vətəndaşlara qarşı ayrı-seçkilik və zorakılıq hallarına görə cavabdehlik müəyyən edilməsi və institusional müdafiə potensialın artırılması sahələrindəki çatışmazlıqları aradan qaldırmaq üçün kifayət etməmişdir.

Nəticədə LGBTİ+ icmasının hüquqi müdafiəsi, o cümlədən sosyal-iqtisadi rifahında ciddi geriləmə ilə yanaşı, icmaya qarşı zorakılıq və ayrı-seçkilik hallarının artması müşahidə edilib. Baramanın LGBTİ+ icması daxilində apardığı 4 sorğu və Nəfəs LGBTİ Azərbaycan Alyansının aralıq dönəmi əhatə edən monitorinq nəticələri polis özbaşınalığı, səmərəsiz araşdırmalar, ailədaxili zorakılıq (xüsusilə də konversiya məqsədli), o cümlədən əmək bazarı, təhsil və səhiyyədə ayrı-seçkilik, habelə nifrət nitqi, nifrət zəminində hücumlar və cinayətlərin davamlı hal aldığını göstərir.